Avropa tennis turnirlərində növbəti mərhələ başlandı

Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Avropa tennis turnirləri keçirilir. Ənənəvi hal alan turnirə maraq böyükdür. 12, 14, 16, 18 yaş kateqoriyasında keçirilən yarışın ilk 3 mərhələsində 12 yaşlı tennisçilər mübarizə aparıblar. Hazırda isə 14-16 yaşlı tennisçilər yarışa qoşulublar. 14 yaşlı qızlar arasında Tansu Qədirli, oğlanlarda Mikayıl Feyzullayev, 16 yaşlı oğlanlarda isə Tamerlan Kərimovla Nazim Məlikov ölkəmizi təmsil edir. 100-ə yaxın tennisçinin qatıldığı 14-16 yaş kateqoriyasında mübarizə 3 həftə davam edəcək. Bakı Tennis Akademiyasında keçirilən yarışda Azərbaycanla yanaşı Türkiyə, Rusiya, Litva, Gürcüstan, Ukrayna, Qazaxıstan, Macarıstan, Özbəkistan və Almaniyadan olan idmançılar iştirak edir. Yarışa iyunun 9-da yekun vurulacaq.