Azərbaycan Tennis Federasiyası 1995-ci ildə yaradılmışdır. Əsədov Oqtay Sabir oğlu 2004-cü ildə prezident seçildiyi vaxtdan tennisin ölkədə inkişafının və təbliğatının yeni istiqamətlərini müəyyənləşdirdi. O.Əsədov gənc tennisçilərdən ibarət yığma komanda tərkibinin yaradılması, müxtəlif yaş kateqoriyalarında yerli və beynəlxalq tennis turnirlərinin keçirilməsi, beynəlxalq tennis federasiyaları ilə əlaqələrin genişləndirilməsində öz töhfəsini vermişdir. Habelə Regionda ilk dəfə olaraq WTA (Women Tennis Association) ilə birgə əməkdaşlıq edərək 2011-2015-ci illərdə mükafat fondu 220 000-250 000 ABŞ dolları olan qadınlar arasında ilk peşəkar “Baku Cup” adlı tennis turnirlərinin təşkilində O.Əsədovun əvəzsiz xidmətləri olmuşdur. Həmçinin ölkədə hər il Ümumilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunan silsilə Avropa Tennis turniləri və beynəlxalq tennis turnirləri keçirilməkdədir.

Azərbaycan Tennis Federasiyası gənc tennisçilərin ölkə xaricində təşkil olunan təlim-məşq proqramlarında, çempionat, kubok və peşəkar tennis turnirlərində iştirakını da təmin edir. Bu işdə  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin göstərdiyi dəstəyi də vurğulamaq yerinə düşərdi.

Federasiya həmçinin Dünya Tennis Günü ilə əlaqədar məktəblərdə tennisin təbliğatı məqsədilə ictimai proqramlar təşkil edir. Burada şagirdlər tennis idman növünün ibtidai texnikası ilə tanış edilir, tennis oynamağa maraq oyatmaq üçün onlara tennis avadanlıqları təqdim olunur.   

Azərbaycan Tennis Federasiyası Azərbaycan Milli Antidopinq Agentliyinin səlahiyyətlərini tanıyır və onun müəyyən etdiyi qaydaların tələbinə riayət edir və dopinq nəzarətinin həyata keçirilməsi ilə bağlı əməkdaşlıq edir.