Pandemiya ilə əlaqədar yeni mövsümdə də Avstraliya Açıq tennis turnirinin təşkilatçıları sərt tədbirlər həyata keçirəcək. Məsələn, bu ilin əvvəlində yarışda iştirak edən tennisçilər məcburi şəkildə 2 həftəlik karantinə alınmışdı. Təşkilat komitəsi bu dəfə də eyni qaydanı tətbiq etmək niyyətindədir. Vaksinasiya prosesindən keçən idmançılara isə güzəşt olunacaq. Hər iki dozanı qəbul edən raketka ustaları Avstraliyaya yola düşməzdən 72 saat əvvəl testdən keçməlidir. Onlar Melburna gəldikdən sonra növbəti dəfə yoxlanışa cəlb olunmalıdır. Testlərin nəticəsi neqativ çıxan tennisçilər yarışa sərbəst şəkildə hazırlaşa bilərlər. Vaksinasiya prosesindən keçməyən raketka ustaları məcburi şəkildə iki həftəlik karantində qalacaqlar. Bu şərtləri qəbul etməyənlər isə ümumiyyətlə Avstraliyaya buraxılmayacaq. Avstraliyanın Viktoriya ştatının baş naziri Deniel Endryus mətbuata açıqlama verərək məlumatı təsdiqləyib. O, hətta bu qaydaların azarkeşlərə də aid olacağını deyib. Belə ki, peyvənd olunmayan tennis həvəskarları tribunalara buraxılmayacaqlar.
Yeri gəlmişkən, mətbuat vaksinasiya prosesindən keçməyən tennisçiləri də müəyyənləşdirməyə çalışıb. Bu mövsüm “US Open” turnirinin qalibi olan Daniil Medvedev peyvənd olunmayacağını söyləyib. O qərarının səbəbini açıqlamayıb. Rusiyalı raketka ustası Melburnda çıxış etmək üçün iki həftəlik karantində qalmağa razıdır. Stefano Tsisipasla Andrey Rublyov da bir neçə ay əvvəl vaksindən imtina etdiklərini bildirsələr də, məhdudiyyətlərlə görə fikirlərindən daşınıblar. Peyvənd olunmayan tennisçilər arasında Novak Cokoviçin də adı çəkilir. Hətta Avstraliyada tətbiq olunacaq məhdudiyyətlərə görə serbiyalı tennisçi Melburna gəlməyəcəyini də istisna etməyib.