Artıq 2023-cü ildəyik. Yeni ildə Azərbaycan Tennis Federasiyasının bir çox daxili və beynəlxalq yarışları olacaq. 2022-ci il isə federasiyamız üçün uğurlu oldu. Bir sıra yarışlarda idmançılarımız yüksək nəticə göstərdilər.
Bakı Tennis Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan Avropa Tennis turnirlərinə hazırlıq məqsədilə yeniyetmələr arasında "Yaz Kuboku 2022" adlı təlim-məşq proqramı təşkil edildi.
Azərbaycan Tennis Federasiyası və Beynəlxalq Tennis Federasiyasının birgə əməkdaşlığı ilə ilk dəfə olaraq Bakı şəhərində kişilərarası 2022-ci il "Davis Cup” Kubokunun Azərbaycanın iştirak etdiyi Avropa Qrup IV oyunları Bakı Tennis Akademiyasında təşkil olundu.
Ən yaddaqalan anlardan biri də Azərbaycan Tennis Federasiyasının ümumi yığıncağı oldu. Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbirdə Oqtay Əsədov yenidən 4 il müddətə federasiyanın prezidenti seçildi. Yığıncaqda həmçinin Gülməmməd Cavadov federasiyanın vitse-prezidenti, Mehman Qocayev, Fərid Şirinov, Salam Əsgərəlizadə və Yalçın Manaflı İdarə Heyətinə üzv seçildilər. Bununla da tennis idman növündə növbəti uğurların əsası qoyuldu.
Bundan əlavə akademiyamızda bir sıra ənənəvi turnirlər keçirildi. Ümumilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan ITF Payız Kuboku və 18 yaşlıların J4 Baku (Grade 4) beynəlxalq reytinqli tennis turnirləri ən yadda qalan oldu. Kənan Qasımovun ardıcıl 2 mərhələdə çempion olması, Tamerlan Əzizovun inamlı çıxışı federasiyamızın düzgün istiqamətdə olduğunun göstəricisidir.
İlin son yarışları da Bakı Tennis Akademiyasında keçirildi. Ölkədaxili çempionatlarında fərqlənənlər Azərbaycan Tennis Federasiyası tərəfindən mükafatlandırıldı.
Daha bir maraqlı məqam isə Su İdman Sarayının nəzdində padel tennis kortunun açılışı oldu. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Azərbaycan Tennis Federasiyasının İdarə Heyətinin üzvləri Mehman Qocayev, Yalçın Manaflı, tennis üzrə milli komandamızın üzvləri və digər şəxslər iştirak etdilər. Bütün bunları nəzərə alaraq, demək olar ki, 2022-ci il Azərbaycan tennis üçün uğurlu oldu. Bu nailiyyətlərimizi yeni ildə də davam etdirəcəyimizə ümid edirik.