Azərbaycan Tennis Federasiyası daha bir beynəlxalq yarış təşkil edəcək.
Yerli federasiya və Beynəlxalq Tennis Federasiyasının birgə əməkdaşlığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyilə Bakı Tennis Akademiyasında Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan 18 yaşlıların J4 Baku (Grade 4) beynəlxalq reytinqli tennis turnirləri keçiriləcək. Bir çox yerli və silsilə beynəlxalq yarışlara ev sahibliyi edən Bakı Tennis Akademiyasında keçiriləcək budəfəki turnirlər 26 noyabr – 11 dekabr 2022-ci il tarixlərində baş tutacaq.
Nisbətən yüksək reytinq verən bu turnirlər ilk dəfə olaraq ölkəmizdə təşkil olunur. Bu yarışlarda Azərbaycan ilə yanaşı, Belarus, Bolqarıstan, Fransa, Gürcüstan, Xorvatiya, İran, İsrail, İtaliya, Kanada, Özbəkistan, Polşa, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Türkiyə və Ukraynadan çox sayda qız və oğlan tennisçilər iştirak edəcəklər.
Turnirlərin keçirilməsində göstərdiyi dəstəyə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi rəhbərliyinə və Binəqədi Rayon İcra Hakimiyyətinə öz dərin təşəkkürümüzü bildiririk.
Qeyd edək ki, yarışa böyük maraq var. Azərbaycan Tennis Federasiyası daima beynəlxalq yarışların layiqincə təşkili ilə diqqət çəkib. Xüsusilə də, Ümumilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnirlər də bu qəbildəndir. Bütün tennissevərləri Bakı Tennis Akademiyasına təmsilçilərimizi dəstəkləməyə dəvət edirik.