Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə Bakı Tennis Akademiyasında şagirdlər arasında təlim-məşq toplanışı keçirilir. Avropa Azərbaycan Məktəbinin 30-a yaxın şagirdinin qatıldığı toplanış ikinci gündə qarlı hava şəraitinə baxmayaraq böyük marağa səbəb olub.
Akademiyanın müəllim və məşqçi heyəti məktəblilərə qapalı kortlarda tennis idman növünün sirlərini öyrədir. İlk gündən etibarən şagirdlərlə mütəmadi məşqlər keçirilir. Təlimlərə dekabrın 23-də start verilib. Toplanışın son 2 günündə, yəni dekabrın 27-də və 28-də şagirdlər arasında turnir keçiriləcək. Yarışın bütün iştirakçılarına Azərbaycan Tennis Federasiyasının rəsmiləri tərəfindən sertifikat, qaliblərə isə akademiyanın təsis etdiyi kubok təqdim olunacaq.
Tədbirin məqsədi məktəblilər arasında tennis idman növünə marağın artırılması, uşaq yaşlarından onlara tennisin sirlərini aşılamaq və sağlam həyat tərzinin təbliğidir. Həmçinin federasiya bu idman növünün ölkəmizdə daha geniş kütlə arasında yayılmasına nail olmaq niyyətindədir.
Qeyd edək ki, Azərbaycan Tennis Federasiyası belə ənənəvi tədbirlərin mütəmadi təşkilində hər zaman maraqlı olub. Bu səbəbdən də gələcəkdə bu cür toplanışların intensivləşdirilməsi nəzərdə tutulub.