Bakı Tennis Akademiyasında beynəlxalq yarışın ilk mərhələsi yekunlaşıb.
Azərbaycan Tennis Federasiyası və Beynəlxalq Tennis Federasiyasının birgə əməkdaşlığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyilə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan 18 yaşlıların J4 Baku (Grade 4) beynəlxalq reytinqli tennis turnirinin ilk mərhələsinin qalibləri bəlli olub.
Oğlanların mübarizəsində belaruslu Ruslan Kastyukeviç, qızların yarışında isə rusiyalı Darya Şadçneva turnirin qalibi olub.
Oğlanların qoşa yarışında İvan Nikolayevlə Vladimir Pavlov, qızlarda isə Varvara Bernoviçlə Sofiya Qapankova qızıl medallara yiyələnib.
Bakı Tennis Akademiyasında keçirilən turnirin ikinci mərhələsi dekabrın 11-də başa çatacaq.