Belçikada beynəlxalq tennis turnirində 1/8 final

Antverpen şəhərində mükafat fondu 508 min avro olan ATP seriyalı turnirdə ¼ finalçılar müəyyənləşir.

İtaliyalı tennisçilərin duelində Yannik Siner qalib gəlib. O, Lorentso  Muzetti ilə görüşdə 7:5 və 6:2 hesabı ilə qələbə qazanıb.

Amerika Birləşmiş Ştatları təmsilçisi Censon Bruksbi niderlandlı Botik Van de Zandşulpu mübarizədən kənarlaşdırıb. İlk setdə 6:2 hesabı ilə üstün olan Bruksbi növbəti hissədə rəqibinin bir qeymdə belə fərqlənməsinə imkna verməyib.

Fransalı Artur Rinderkneş serbiyalı Duşan Layoviçlə qarşılaşıb. İlk iki hissədən sonra setlərdə bərabərlik qeydə alınıb. Əvvəlcə Rinderkneş 6:3, daha sonra serbiyalı raketka ustası 6:4 hesabı ilə qalib gəlib. Həlledici setdə yenidən toparlanan Artur Rinderkneş rəqibini məğlub edib - 6:2.

İspaniyalı Alexandro Davidoviç Fokina və Çili tennisçisi Kristian Qarinin görüşü də 3 set olub. Qarin ilk setdə 4:6 hesabı ilə uduzsa da, oyunda dönüş yarada bilib. O, ardıcıl iki setdə 6:3 hesabı ilə üstnü olaraq ¼ finala  yüksəlib.

Antverpen turnirinin qalibi oktaybrın 24-də müəyyənləşəcək.