Belçikanın Antverpen şəhərində kişi tennisçilərin yarışı sona yaxınlaşır. 1/8 finalın diqqət çəkən görüşlərindən birində ispaniyalı Roberto Bautista Aqut macarıstanlı Marton Fuçoviçlə qarşılaşıb. İspaniyalı raketka ustası əvvəlcə tay-brekdə uğur qazansa da, digər bölümlərdə 3:6 və 1:6 hesabları uduzaraq yarışla vidalaşıb.
Britaniyalı Endi Marrey isə argentinalı Dieqo Şvartsmanla bacarmayıb. Şvartsman 2 setdə qələbəni təmin edib.
Cənubi Afrika Respublikasını təmsil edən Lloyd Harris də almaniyalı Yan Lennard Ştrufdan 2 setdə üstün olub.
Ən gərgin görüş isə Amerika Birləşmiş Ştatları idmançısı Brendan Nakasima ilə isveçrəli Henri Laksonen arasında olub. Əvvəlcə Nakasima daha sonra isə Laksonen tay-brekdə qalib gəlib. Həlledici – 3-cü hissəni isə Nakasima 6:3 hesabı ilə irəlidə tamamlayaraq 1/4 finala çıxıb.
Ümumi mükafat fondu 500 min avrodan çox olan Antverpen turnirinə oktyabrın 24-də yekun vurulacaq.