Antverpen şəhərində mükafat fondu 508 min avro olan ATP seriyalı turnirdə yarımfinal mərhələsinə yekun vurulub.
İtaliyalı Yannik Sinner Cənubi Afrika Respublikasından olan Lloyd Harrislə qarşılaşıb. Görüşün favoriti Sinner sürprizə imkan verməyib. İtaliyalı raketka ustası qələbə qazanmaqda çətinlik çəkməyib. Cəmi 1 saat 27 dəqiqə davam edən mübarizədə Yannik Sinner hər iki hissədə 6:2 hesabı ilə qalib gələrək adını finala yazdırıb.
Yarımfinalın digər dueli Amerika Birləşmiş Ştatları təmsilçisi Censon Bruksbi və argentinalı Dieqo Şvartsman arasında olub. Bu görüş də təxminən saat yarım davam edib. İlk hissədə 6:4 hesabı ilə qalib gələn Argentina tennisçisi növbəti setdə rəqibinə 1 qeym belə verməyib.
Bu gün final görüşündə Dieqo Şvartsmanla Yannik Sinner üz-üzə gələcək.