Bolqarıstanın gənclər və idman naziri Dimitar İliev Azərbaycanda rəsmi səfərdədir. Qonaq Bakıda bir sıra idman qurğuları ilə yanaşı Bakı Tennis Akademiyasında da olub. Dimitar İliev Azərbaycan Tennis Federasiyasının rəsmilərilə görüşüb. Federasiyanın vitse-prezidenti Mehman Qocayev bolqarıstanlı nazirə federasiyanın və akademiyanın fəaliyyəti ilə bağlı ətraflı məlumat verib. Federasiya rəsmisi nazirə həmçinin ölkə başçısı İlham Əliyevin idmana diqqət və qayğısından bəhs edib. Qonağa akademiyadakı tennis və padel tennis kortları, mütəxəssislər, infrastruktur imkanları, gənclərin tennisə marağının artması üçün keçirilən layihələr barədə danışılıb. Tanışlıq çərçivəsində gənclər və idman naziri Azərbaycanda çalışan təcrübəli bolqarıstanlı tennis məşqçisi Vasko Mladenovla da görüşüb və ona işində uğurlar arzu edib. Sonda Dimitar İliev Bakı Tennis Akademiyasında fəaliyyət göstərən fitness zalı, minifutbol meydançası və üzgüçülük hovuzu ilə də tanış olub.