“Crocus Fitness Sea Breeze International Padel Cup” seriyasında ilk turnirə yekun vuruldu

Azərbaycan Tennis və Padel Federasiyasının təşkilatçılığı ilə “Crocus Fitness Sea Breeze International Padel Cup” seriyasında ilk turnirə yekun vurulub. Padel tennis üzrə beynəlxalq yarışda bütün mükafatçılar müəyyənləşib. İtaliyadan olan Rikkardo Sinikropi və Culio Qraziotti cütü çempion olub. İspaniyalı idmançılardan Adrian Rodriqezlə Hektor Vaskes isə 2-ci yerdə qərarlaşıblar. Azərbaycanlı tennisçi Rəsul Qocayevlə sudanlı Əli Əhməd 3-cü olublar. Padel idmanının Azərbaycanda daha da inkişafına hesablanan yarışda Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Rusiya, İtaliya, İspaniya, Sudan, Yəmən və Portuqaliya idmançıları da iştirak ediblər. Seriyanın ikinci turniri isə iyunun 24-dən 27-dək davam edəcək. Yarışın əsas məqsədi Azərbaycanda padel idman növünün təbliğatı və beynəlxalq səviyyədə tanınmasıdır.