125 il öncə başlanan tennis üzrə məşhur "Davis Cup" turnirində bu il Azərbaycan tennisçiləri böyük uğura imza atıblar. Mütəmadi olaraq 150-dən çox ölkənin qoşulduğu yarış bu dəfə Albaniyanın paytaxtı Tiranada təşkil olunur. Baş məşqçi Yalçın Manaflının rəhbərliyi altında Tamerlan Əzizov, Kənan Qasımov və Elvin Həşimovdan ibarət millimiz 4-cü qrupdan 3-cü qrupa yüksəlib. Andorra və San Marinodan üstün olaraq pley-offa yüksələn komandamız bu dəfə Lixtenşteyn təmsilçilərindən güclü olub. Tamerlan Əzizov rəqibi Morits Qlauzeri hər iki setdə 6:1 hesabı ilə məğlub edib. Kənan Qasımov isə Serafin Zünd ilə qarşılaşmada qələbə qazanıb. İlk setdə 0:6 hesabı ilə uduzmasına baxmayaraq, millimizin üzvü əzmkarlıq göstərib və 6:3, 6:2 hesabları ilə qalib gəlib. Bununla da, tennisçilərimiz qatıldığı bütün görüşlərdə rəqibindən üstün olub. Beləliklə, Azərbaycan millisi 3-cü qrupa yüksəlib.