Sloveniyanın Maribor şəhərində təşkil olunacaq Avropa Yeniyetmələrinin XVII Yay Olimpiya Festivalında (EYOF) iştirak edəcək Azərbaycan təmsilçiləri ilə görüş keçirilib.
Milli Olimpiya Komitəsində (MOK) baş tutan tədbirə qurumun vitse-prezidenti Çingiz Hüseynzadə də qatılıb.
İdmançılara uğurlar arzulayan MOK rəsmisi yarışların əhəmiyyətini vurğulayıb. “Təcrübə onu göstərir ki, EYOF-da hər zaman Azərbaycan komandası fərqlənib”.
Missiya rəhbəri Vaqif Əliyev festival haqqında məlumat verib. Azərbaycan idmançılarının atletika, tennis, üzgüçülük, velosiped, MTB, cüdo, gimnastika idman növlərində təmsil olunacaqlarını bildirən missiya rəhbəri olimpiya kəndinə dair məlumatlarla yanaşı, tibbi xidmət, nəqliyyat və başqa texniki məsələlər barədə danışıb.
Daha sonra MOK-un Beynəlxalq Proqramlar idarəsinin əməkdaşı Ceyhun Rəhmanov EYOF-da OCEP məktəblilərinin iştirakından danışıb. Qeyd olunub ki, OCEP layihəsi çərçivəsində iştirakçılar üçün qurulacaq pavilyonda Azərbaycanı Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin şagirdləri təmsil edəcək. AMADA-nın Təhsil proqramları üzrə meneceri Qüdrət Səfərov isə yeniyetmə idmançılara antidopinq istiqamətində mövcud qaydalardan həmçinin onların hüquq və vəzifələrindən bəhs edib. Sonda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, 48 ölkədən 3600 idmançının mübarizə aparacağı yarış 23 - 29 iyulda gerçəkləşəcək. Azərbaycan tennisçiləri də Sloveniyada keçiriləcək beynəlxalq turnirə hazırlaşırlar. Avropa Gənclər Yay Olimpiya Festivalında ölkəmiz 4 idmançı ilə təmsil olunacaq. Baş məşqçi Rauf Eyvazovun rəhbərliyi altında Nazim Məlikov, Tamerlan Kərimov, Mədinə Babayeva, Xədicə Cəfərquluzadə mükafatlar uğrunda yarışacaq.