Gənclər və idman naziri federasiya nümayəndələri ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov yanvarın 15-də federasiya nümayəndələri ilə 12-ci görüşünü 2024-cü ilin “İdman paytaxtı” Quba şəhərində keçirib.

Quba Olimpiya İdman Kompleksində təşkil olunan toplantıda gənclər və idman naziri Fərid Qayıbov federasiya nümayəndələrini və mütəxəssisləri salamlayaraq son vaxtlar görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışıb, görüşün məqsədi barədə məlumat verib.

Görüşün gündəliyinə əsasən, Paris-2024 Yay Olimpiya Oyunlarına idman növləri üzrə hazırlıq, 2024-2025-ci illər üçün inkişaf proqramı və digər məsələlər müzakirə olunub. Həmçinin texniki reqlamentlə bağlı təkliflər, beynəlxalq yarışların keçirilməsi ilə bağlı prosedur qaydaları, federasiyaların meyarlara uyğun qiymətləndirilməsi barədə məlumat verilib. 2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq məsələləri də müzakirə olunub.

Görüşdə həmçinin federasiyaların sosial mediada aktivliyi barədə hesabat verilib, nazirliyin rəsmi saytının yenilənmiş versiyası təqdim olunub, idman səfirinin seçilməsi haqqında əsasnamə və digər məsələlər barədə danışılıb.

Tədbirdə federasiyaların rəy və təklifləri dinlənilib, onları narahat edən məsələlər birgə müzakirə olunub.

Görüşdə nazir müavini Mariana Vasileva, nazirliyin müvafiq şöbələrinin müdirləri və “Yüksəliş” müsabiqəsinin qalibləri də iştirak ediblər.

Qeyd edək ki, tədbirdə Azərbaycan Tennis Federasiyası da təmsil olunub.