Kənan Qasımov

Kənan Qasımov 03.02.2005 tarixində Bakı şəhərində anadan olub. O, 4 yaşından etibarən tennislə məşğul olmağa başlayıb və məşqlərini Bakı Tennis Akademiyasında edib. Kənan bir çox ölkələrdə tennis məşqlərində iştirak edib. Tennisçimiz İspaniya, İtaliya, Gürcüstan, Türkiyə və s. kimi ölkələrdə hazırlıq prosesində olub və hazırda da həmin ölkələrin öndə gedən akademiyalarında məşqlərini edir. Kənan Qasımov 2021-ci ildə Bakı Dövlət Universitetinə qəbul olub və hal-hazırda bu universitetin şərqşünaslıq fakültəsi üzrə təhsilini davam etdirir. İdmançımız Azərbaycan, rus və ingilis dillərində danışa bilir. Kənan Qasımov Ulu Öndər Heydər Əliyevin adına həsr olunmuş turnirlərin 14,16,18 yaş kateqoriyalarının hər birində qoşa və tək oyunlarda qalib olub. O, həmçinin 3 iyul 2023-cü ildə Gürcüstanın Tbilisi şəhərində keçirilən turnirin çempionu olub. Kənan 2022-ci ildən "Davis Cup"da iştirak etməyə başlayıb. Son olaraq Kənan Qasımov Səfər Rəsulovla birlikdə Monteneqroda keçirilən "Davis Cup" turnirində inamlı oyun göstərib. Millimiz Kosovoya məğlub olsa da, sonradan Albaniya və İslandiyanı məğlub edərək növbəti mərhələyə yüksəlib. Son olaraq Kənan Ermənistan millisinin 1 nömrəli tennisçisi ilə qarşılaşıb. Əzmkar oyun nümayiş etdirən Qasımov rəqibini 6:3 və 6:2 hesabları ilə məğlub edib. Komandamız bu qələbədən sonra 4-cü qrupdan 3-cü qrupa yüksəlib.