"Masters" turnirində final: Cokoviç - Medvedev

Parisdə “Masters” turnirinin yarımfinalında maraqlı nəticələr qeydə alınıb.

ATP reytinqinin lideri Novak Cokoviç polşalı Hubert Hurkaçla qarşılaşıb. Görüş 2 saat 20 dəqiqə davam edib. İlk setdə polşalı raketka ustası qalib gələrək azarkeşləri təəccübləndirib. Daha sonra ardıcıl 2 hissədə üstün olan serbiyalı tennisçi adını finala yazdırıb.

Rusiyalı Daniil Medvedev isə Almaniya tennisçisi Aleksandr Zverev ilə mübarizə aparıb. Medvedev qələbə qazanmaqda çətinlik çəkməyib. Hər iki hissədə rəqibini məğlub edən rusiyalı raketka ustası həlledici görüşdə fəxri mükafat uğrunda Cokoviçlə yarışacaq.