Fransada ATP seriyalı "Masters" turniri davam edir.
Qarşılaşmalar gərginliyi ilə diqət çəkir. Xüsusən də dünyanın bir nömrəli raketka ustası Novak Cokoviçin startda çətin qələbəsi daha çox maraq doğurub. Mübarizəyə ikinci mərhələdən qoşulan serbiyalı raketka ustası startda macarıstanlı Marton Fuçoviçlə qarşılaşıb. Dünyanın bir nömrəli raketka ustası Cokoviç bu görüşün aşkar favoriti olsa da, qələbə ona heç də asan başa gəlməyib. İlk iki setdən sonra bərabərlik qeydə alınıb. Əvvəlcə Novak 6-2, daha sonra Fuçoviç 6-4 hesabı ilə qalib gəlib. Həlledici hissədə daha təcrübəli Cokoviç sensasiyaya imkan verməyib. O, bu setdə 6-3 hesabı ilə üstün olub.
Norveçli Kasper Rud qazaxıstanlı Aleksandr Bubliki mübarizədən kənarlaşdırıb. İlk setdə 6-4 hesabı ilə qələbə qazanan Rud növbəti hissədə rəqibinin bir qeymdə belə fərqlənməsinə imkan verməyib.
Fransalı Qael Monfis isə serbiyalı Miomir Keçmanoviçi məğlub edib. Monfis ilk setdə 4-6 hesabə ilə uduzsa da, toparlanmağı bacarıb. Fransalı tennisçi 7-5 və 6-3 hesablı qələbələr sayəsində mərhələ adlayıb.
Kanadalı Feliks Oje Alyassim və italiyalı Canluka Maqerin dueli də 3 set olub. İlk iki hissəni tennisçilər 6-4 hesabı ilə xeyirlərinə başa vurublar. Həlledici setdə isə Feliks Oje Alyassim daha innamlı oyun nümayiş etdirib: 6-1.
Mükafat fondu 2 milyon 603 min avro olan turnirə noyabrın 7-də yekun vurulacaq.