Padel tennis kortunun açılışı olub

Su İdman Sarayının nəzdində padel tennis kortunun açılışı olub. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Azərbaycan Tennis Federasiyasının İdarə Heyətinin üzvləri Mehman Qocayev, Yalçın Manaflı, tennis üzrə milli komandamızın üzvləri və digər şəxslər iştirak ediblər.

Açılış mərasimindən sonra Fərid Qayıbov, Mariana Vasileva, Mehman Qocayev və Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev öz aralarında formal oyun keçiriblər.

Qeyd edək ki, padel tennis yeni yaranmış idman növüdür və özündə bir neçə növü birləşdirir. Bunlar tennis, stolüstü tennis və skvoşdur. Hesab adi tennislə eynidir və istifadə olunan toplar oxşardır. Əsas fərq odur ki, burada istifadə olunan kortun divarları var və top həmin yerlərə dəyib meydançaya qayıda bilər.