Səfər Rəsulov 08.04.2003 tarixində Rusiyanın Moskva şəhərində anadan olub və 6 yaşından etibarən Almaniyanın Berlin şəhərində tennislə məşğul olmağa başlayıb. 2012-ci ildə U-9 Berlin çempionatının qalibi olub. Daha sonra 2012-ci ildə İspaniyanın Madrid şəhərində tennisə davam edib. Burada olduğu müddətdə tennis turnirlərində iştirak edib. 2015 və 2018-ci illərdə "Madrid Masters"in qalibi olub. 2017-ci ildə Madrid U-14 çempionatında qalib gəlib və Madriddə 1 nömrəli olmuş, 2017-ci ildə İspaniya Milli Çempionatında hazırda dünyanın 1 nömrəli tennisçisi Karlos Alkaraza uduzaraq yarımfinala çıxıb və öz yaş qrupunda İspaniyada 3-cü ili tamamlayıb. Səfər Rəsulov öz inkişafı üçün bir çox ölkədə tennis məşqlərinə qoşulub. O, 2021-ci ildə Amerikanın "Embry Riddle Aeronautical" Universitetinə qəbul olub. Hal-hazırda həmin universitetin "Software Engineer" fakultəsində təhsilini davam etdirir. Səfər "Embry Riddle Aeronautical" Universitetində atletik və akademik təqaüd alır. İdmançımız Azərbaycan dili ilə yanaşı rus, ingilis, ispan və alman dillərində danışa bilir. Son olaraq Səfər Rəsulov Kənan Qasımovla birlikdə Monteneqroda keçirilən "Davis Cup" turnirində inamlı oyun göstərib. Millimiz Kosovoya məğlub olsa da, sonradan Albaniya və İslandiyanı məğlub edərək növbəti mərhələyə yüksəlib. Son olaraq komandamız Ermənistan millisi ilə qarşılaşıb. Əzmkar oyun nümayiş etdirən Səfər Rəsulov rəqibini 6:4 və 6:2 məğlub edib. Komandamız bu qələbədən sonra 4-cü qrupdan 3-cü qrupa yüksəlib.