Şəhid Elvin İslamovun xatirəsinə həsr edilmiş Bakı birinciliyi davam edir

Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, habelə Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə şəhid Elvin İslamovun xatirəsinə həsr olunmuş tennis üzrə Bakı şəhər birinciliyinə start verilib. Əvvəlcə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Yarışın açılış mərasimində çıxış edən federasiyanın vitse-prezidenti Mehman Qocayev yarış barədə ətraflı məlumat verib və yeniyetmə tennisçilərə uğurlar arzulayıb. Eləcə də şəhidin valideynləri Elçin İslamov, Sevinc İslamova övladlarının qəhrəmanlıqlarından danışıb. Elvin İslamov 2020-ci il oktyabrın 9-da Füzulinin Qorqan kəndinin işğaldan azad olunması zamanı qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin Sərəncamına əsasən Elvin İslamov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib. Qeyd edək ki, birincilikdə oğlan və qız olmaqla 40 tennisçi bacarığını göstərir. Onlar 10-12, 13-14 və 15-18 yaş kateqoriyalarında mübarizə aparırlar. Qalib və müklafatçılara yekunda diplom və medallar təqdim olunacaq. Yarış oktyabrın 5-dək davam edəcək.