Tamerlan Əzizov beynəlxalq turnirə qələbə ilə başladı

Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə Bakı Tennis Akademiyasında beynəlxalq yarış keçirilir.

Yerli federasiya və Beynəlxalq Tennis Federasiyasının birgə əməkdaşlığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyilə  Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan 18 yaşlıların J4 Baku (Grade 4) beynəlxalq reytinqli tennis turnirində ilk mərhələ başa çatıb.

Təmsilçilərimizdən Tamerlan Əzizov ilk mərhələdə iranlı rəqibi Sam Pazokiyə göz açmağa imkan verməyib. İdmançımız hər iki setdə 6:0 hesabı ilə qələbə qazanıb. Tamerlan ikinci mərhələdə rusiyalı İvan Vladimirovla mübarizə aparacaq.

Bir çox yerli və silsilə beynəlxalq yarışlara ev sahibliyi edən Bakı Tennis Akademiyasında keçirilən budəfəki turnirlər 11 dekabr tarixinədək davam edəcək.

Nisbətən yüksək reytinq verən bu turnirlər ilk dəfə olaraq ölkəmizdə təşkil olunur. Bu yarışlarda Azərbaycan ilə yanaşı, Belarus, Bolqarıstan, Fransa, Gürcüstan, Xorvatiya, İran, İsrail, İtaliya, Kanada, Özbəkistan, Polşa, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Türkiyə və Ukraynadan olan idmançılar iştirak edirlər.