Tennisçilərimiz Avropa birinciliyində

24 fevral - 6 mart tarixlərində Antalyada 14 yaşadək tennisçilərin Avropa birinciliyi keçirilir.

Ölkəmizi qitə yarışında Ayşən Kərimli və Mədinə Babayeva təmsil edir. Onlar yarışa baş məşqçi Yalçın Manaflının rəhbərliyi altında yollanıblar.

Yarışda Azərbaycanla yanaşı, Türkiyə, Bosniya və Herseqovina, Albaniya, Bolqarıstan, Gürcüstan, Kosovo, Şimali Makedoniya, Moldova, Monteneqro və Ermənistan idmançıları da mübarizə aparır.

Azərbaycan Tennis Federasiyası yeniyetmə tennisçilərin inkişafına daima önəm verib. Bu yarış da bunun bariz nümunəsidir. Ümumiyyətlə, son illərdə yeniyetmə və gənc tennisçilərimiz ölkəmizdə və ölkəmizdən kənarda keçirilən yarışlarda uğurla çıxış edirlər. Ayşənlə Mədinənin də Avropa birinciliyində layiqli mübarizə aparacağına ümidlər bəslənilir.