Bakı Tennis Akademiyasında beynəlxalq yarış başa çatıb.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Tennis Federasiyasının birgə təşkilatçılığı, Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyilə keçirilən Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan 18 yaşlıların J4 Baku (Grade 4) beynəlxalq reytinqli tennis turnirinin ikinci mərhələsi də yekunlaşıb.
67 tennisçinin yarışdığı turnirdə idmançılarımızdan Tamerlan Əzizov, Kənan Qasımov, Elvin Həşimov və Diana Yakovleva da mübarizə aparıb. Təmsilçilərimizin, xüsusilə də Tamerlan Əzizovun əzmkar çıxışı diqqətlərdən yayınmayıb. Bakı Tennis Akademiyasında keçirilən turnir eyni zamanda reytinq xarakteri daşıyıb. Burada qələbə qazanan idmançılarımız öz reytinq xallarını daha da yüksəldiblər.
Bu yarışda Azərbaycan ilə yanaşı, Belarus, Bolqarıstan, Fransa, Gürcüstan, Xorvatiya, İran, İsrail, İtaliya, Kanada, Özbəkistan, Polşa, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Türkiyə və Ukraynadan olan idmançılar iştirak ediblər.
Qeyd edək ki, tennisçilərimizin növbəti hədəfi 2023-cü ildə keçiriləcək ölkədaxili və beynəlxalq yarışlarda uğurla çıxış edib bayrağımızı dalğalandırmaqdır.