Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə Bakı Tennis Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnir başa çatıb.
Hər il ənənəvi olaraq təşkil edilən yarışda 17 ölkənin idmançıları mübarizə aparıblar. Yerli tennisçilərlə yanaşı turnirdə Türkiyə, Rusiya, Amerika Birləşmiş Ştatları, Almaniya, Ukrayna, Belarus, Qazaxıstan, Rumıniya və digər ölkələrdən olan idmançılar çıxış ediblər. Turnirdə ümumilikdə 34 oğlan və 24 qız mübarizə aparıb. Bu dəfə də 12 yaşlı tennisçilər fəxri mükafatlar uğrunda yarışıblar.
Turnirdə rusiyalılar yüksək göstəricilərlə yadda qalıblar. Belə ki, qızların yarışında Aleksandra Xomitskaya, oğlanların mübarizəsində Artyom Semyonov, oğlanların qoşa yarışında Qleb Piroqovla Artyom Semyonov, qızların qoşa mübarizəsində isə Aleksandra Xomitskaya və Viktoriya Xatsayeva qələbə qazanıb.
Mükafatlandırma mərasimində çıxış edən Azərbaycan Tennis Federasiyasının vitse-prezidenti Salam Əsgərzadə qalib və mükafatçıları təbrik edib və onlara uğurlar arzulayıb. Federasiya rəsmisi qarşıda da bu cür ənənəvi turnirləri yenidən təşkil edəcəklərini bildirib. Salam Əsgərzadə belə yarışların ölkəmizdə tennis növünə marağın artmasına səbəb olduğunu diqqətə çatdırıb.
Bunadək isə 16 yaşlıların yarışında Kənan Qasımov, 18 yaşlıların mübarizəsində isə Tamerlan Əzizov kubok qazanıb. Bununla da, beynəlxalq turnirlərdə uğurla çıxış edən tennisçilərimiz yeni reytinq xalları əldə ediblər.