Avstriyanın paytaxtı Vyanada ATP seriyalı turnirdə ilk mərhələnin oyunları keçirilir.
Yarışın 1/16 finalında yunanıstanlı Stefanos Çiçipas bolqarıstanlı Qriqor Dimitrovla qarşılaşıb. İlk setdə rəqibinin müqavimətini tay-brekdə qıran Çiçipas növbəti hissəni də xeyrinə başa vurub. 6-4.
Norveçli Kasper Rud rəqibinə çətinliklə qalib gəlib. O, Cənubi Afrika Respublikası təmsilçisi Lloyd Harrislə görüşün ilk setində 7-5 hesabı ilə qələbə qazanıb. Növbəti hissə isə tay-brekə kimi uzanıb. Bu dəfə də inamlı oyun nümayiş etdirən Skandinaviya təmsilçisi 1/8 finala yüksəlib.
Almaniyalı Aleksandr Zverev serbiyalı Filip Krainoviçi mübarizədən kənarlaşdırıb. O, əvvəlcə 6-2 , daha sonra 7-5 hesabı ilə üstün olub.
Mükafat fondu 1 milyon 837 min avro olan turnirin qalibi oktyabrın 31-də müəyyənləşəcək.