Avstriyanın paytaxtı Vyanada ATP seriyalı turnirdə yarımfinalın oyunları keçirilib.
Bu mərhələdə sensasiya qeydə alınıb. Antverpen turnirin qalibi olan italiyalı Yannik Sinner amerikalı Frensis Tyafu ilə qarşılaşıb. Əksəriyyət İtaliya tennisçisinin qələbəsinə inansa da, Frensis onları yanıldıb. Əzmkar oyunla 2-1 hesabı ilə qalib gələn amerikalı idmançı finala yüksəlib.
Turnirin favoritlərindən sayılan almaniyalı Aleksandr Zverev isə inamlı çıxışını davam etdirir. O, 18 yaşlı ispaniyalı Karlos Alkarasla üz-üzə gəlib. Görüş cəmi 1 saat 9 dəqiqə davam edirb. Zverev qələbə qazanmaqda çətinlik çəkməyib. Hər iki setdə rəqibindən üstün olan almaniyalı raketka ustası adını finala yazdırıb.
Mükafat fondu 1 milyon 837 min avro olan turnirin həlledici görüşü bu gün kerçiriləcək.