Tennisçilərin “Australian Open” turnirində Azərbaycana qarşı növbəti təxribata yol verilib. Belə ki, yarışda Ermənistanla yanaşı Qarabağdakı separatçı rejiminin bayrağı açılıb. Turnirdə iştirak edən bir qrup erməni bunu məqsədli şəkildə edib. Bu təxribatçı əməl turnirdə Rusiyanı təmsil edən erməni əsilli tennisçi Karen Xaçanovun təşəbbüsü ilə yaponiyalı Yesexito Nisioka ilə 22 yanvar tarixindəki görüş zamanı törədilib. Həmçinin Xaçanov oyundan sonra yenidən kameranın obyektivinə "Sona qədər inanmağa davam edin. Artsax, möhkəm ol" ("Keep believing all the way until the end! Artsakh Stay Strong") yazıb. Bundan sonra Azərbaycan Tennis Federasiyasının prezidenti Oqtay Əsədov və Rusiya Tennis Federasiyasının prezidenti Şamil Tarpişev arasında telefon danışığı olub. Oqtay Əsədov rusiyalı həmkarına Karen Xaçanovun ardıcıl təxribatlarının yolverilməz olduğunu və tez bir zamanda bununla bağlı sərt tədbirlərin görüləcəyinə inandığını bildirib. Şamil Tarpişev isə öz növbəsində bu hadisədən ciddi narahat olduğunu və tez bir zamanda bu məsələ ilə bağlı müəyyən tədbirlərin həyata keçiriləcəyini diqqətə çatdırıb. Qeyd edək ki, bu, Xaçanovun artıq ikinci belə addımıdır.Xatırladaq ki, o, yanvarın 20-də ABŞ tennisçisi Frensis Tiafonunu məğlub etdiyi görüşdən sonra qələbə sevinci adı ilə kameraya ürək sözlərini yazıb. O, obyektivin üzərinə "Artsakh stay strong" ("Artsax, möhkəm ol" ) sözlərini qeyd edib. Azərbaycan Tennis Federasiyası olaraq bu təxribatların bir daha baş verməyəcəyinə ümid edirik və Karen Xaçanovun isə bu əməllərinə görə cəzalanacağını gözləyirik.