Məktəblilər arasında keçirilən 2021 ITF/TE Təlim-məşq düşərgəsi

Azərbaycan Tennis Federasiyası və Beynəlxalq Tennis Federasiyası və Avropa Tennis birgə təşkilatçılığı ilə Bakı Tennis Akademiyasında məktəblilər arasında təlim-məşq düşərgəsi təşkil edib. Avropa Azərbaycan Məktəbinin 30-a yaxın şagirdinin qatıldığı bu təbdir böyük təsirə və marağa səbəb olub.

Akademiyanın müəllim və məşqçi heyəti məktəblilərə tennis idman növünün sirlərini öyrədib. İlk gündən etibarən şagirdlərlə mütəmadi məşqlər keçirilib. Təlimlərə dekabrın 23-də start verilib. Toplanışın son 2 günündə, yəni dekabrın 27-də və 28-də şagirdlər arasında turnir keçirilib. Nihat Süleymanlı, Zəhra Həsənova, Mətin Hüseynzadə, Raul Məhərrəmli, Yekaterina Samsonova və Sarra Muradova qalib olub. Yarışın bütün iştirakçılarına Azərbaycan Tennis Federasiyasının rəsmiləri tərəfindən sertifikat, qaliblərə isə akademiyanın təsis etdiyi kubok təqdim olunub.

Tədbirin məqsədi məktəblilər arasında tennis idman növünə marağın artırılması, uşaq yaşlarından onlara tennisin sirlərini aşılamaq və sağlam həyat tərzinin təbliğidir. Həmçinin federasiya bu idman növünün ölkəmizdə daha geniş kütlə arasında yayılmasına nail olmaq niyyətindədir.

Qeyd edək ki, Azərbaycan Tennis Federasiyası belə ənənəvi tədbirlərin  mütəmadi təşkilində hər zaman maraqlı olub. Bu səbəbdən də gələcəkdə  bu cür toplanışların intensivləşdirilməsi nəzərdə tutulub.