Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə Bakı Tennis Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnir başa çatmaq üzrədir.
Hər il ənənəvi olaraq təşkil edilən yarışda bu dəfə 17 ölkənin idmançıları mübarizə aparıblar. Yerli tennisçilərlə yanaşı turnirdə Türkiyə, Rusiya, Amerika Birləşmiş Ştatları, Almaniya, Ukrayna, Belarus, Qazaxıstan, Rumıniya və digər ölkələrdən olan idmançılar çıxış ediblər. Turnirdə ümumilikdə 34 oğlan və 24 qız mübarizə aparıb. Bu dəfə 12 yaşlı tennisçilər fəxri mükafatlar uğrunda yarışıblar.
Oğlanların yarışında belaruslu Riçard Laçis, qızların mübarizəsində həmyerlisi Aleksandra Bayuşenko, oğlanların qoşa yarışında türkiyəli Leo Ozan Şehan və Eren Kip, qızların qoşa mübarizəsində isə belaruslu Aleksandra Bayuşenko və Alisa Qrinkeviç qələbə qazanıb.
Bunadək isə 16 yaşlıların yarışında Kənan Qasımov, 18 yaşlıların mübarizəsində isə Tamerlan Əzizov kubok qazanıb. Bununla da, beynəlxalq turnirlərdə uğurla çıxış edən tennisçilərimiz yeni reytinq xalları əldə ediblər.
Son illərdə Azərbaycan Tennis Federasiyasının təşkil etdiyi turnirlər eyni zamanda bu növün ölkəmizdə kütləvi hal almasına səbəb olub. Belə ki, yarışlara marağın get-gedə artması bunun bariz nümunəsidir. Federasiya qarşıda da tennis yarışlarının təşkilini nəzərdə tutub.